Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

SOCAR AQŞ Qərbi Abşeronda növbəti quyunun qazılmasına başlayıb

01.08.2018

SOCAR AQŞ 10 saylı platformada dərinliyi 724 m olan 63 saylı quyuda qazma işlərinə başlayıb. Məlumata görə, 63 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.

“Biz əminik ki, dəyərlərimizə daim sadiq qalacaq və həmişə olduğu kimi, bu quyunu da Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) tələblərinə uyğun, hər hansı bir çətinlik olmadan, nəzərdə tutulan vaxtdan tez və iqtisadi cəhətdən səmərəli şəkildə sifarişçiyə təhvil verəcəyik”.

Qazma işlərinin sifarişçisi “Azneft” İstehsalat Birliyidir.

SOCAR AQŞ inteqrə olunmuş qazma və quyu xidmətlərini idarə edən şirkət kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Şirkətin əsas fəaliyyəti neft və qaz quyularının qazılması ilə əlaqədar iş və xidmətlərin təminatı, habelə quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, üfüqi quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılmasından ibarətdir.

Hazırda SOCAR AQŞ dayazsulu Günəşli yatağında yerləşən 7 və 11 saylı, Qərbi Abşeron yatağının 10 saylı, Ümid yatağının 1 saylı və Bulla yatağının 6 saylı platformalarında qazma işləri aparır.

Şirkət 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ dənizdə inteqrasiya olunmuş Neft və Qaz Quyularının Qazılması və Quyu Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqlarının Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən qiymətləndirilmiş və sertifikatlaşdırılmışdır. 2017-ci ildə SOCAR AQŞ dənizdə inteqrasiya olunmuş neft-qaz quyularının qazılması və quyu xidmətlərinin göstərilməsi sahəsi üzrə “API Spesifikasiyası Q2” Keyfiyyətin İdarə olunması Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.  

SOCAR AQŞ-nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.