Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

SOCAR AQŞ KCA Deutag ilə birgə müəssisə təsis edəcək

26.07.2018

SOCAR AQŞ və “KCA Deutag” şirkəti Xəzər regionunda dənizdə və quruda qazma və mühəndislik üzrə mövcud və gələcək imkanları hədəfləyən birgə müəssisə təsis edib. Birgə müəssisə "Turan Qazma və Mühəndislik" MMC adlanacaq.

“Turan Qazma və Mühəndislik” şirkəti dünyanın aparıcı qazma və mühəndislik podratçısı kimi “KCA Deutag”ın təcrübəsi ilə SOCAR AQŞ-in Xəzər regionunda rəqibsiz bilik, təcrübə və infrastrukturunu birləşdirərək, Azərbaycanda biznes müəssisələrinin birgə çalışması və əməliyyatları genişləndirməsi üçün mükəmməl platforma yaradacaq.

Bakıda fəaliyyət göstərəcək birgə müəssisə Xəzər dənizində və Mərkəzi Asiyanın müəyyən bölgələrində neft və qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirməyi hədəfləyib.

“Turan Qazma və Mühəndislik” şirkəti Azərbaycan vətəndaşları üçün yeni iş imkanlarının yaradılması və onların inkişaf etdirilməsi və göstərilən xidmətlər vasitəsilə yerli xidmət sahələrinə sərmayə yatırmağı qarşısına məqsəd qoyur.

“Bu təşəbbüs Xəzər regionunda biznesimizi inkişaf etdirmək istiqamətində şirkətin strategiyasında atılmış önəmli bir addımdır. İnanırıq ki, hər iki şirkətin mövcud təcrübəsinin və imkanlarının bir araya gətirilməsi sayəsində, biz müştərilərimizə daha keyfiyyətli xidmət göstərməklə yanaşı, regionda fəaliyyət coğrafiyamızı genişləndirməyə nail olacağıq”, “KCA Deutag”ın Baş icraçı direktoru Norrie McKay birgə müəssisənin yaranması ilə bağlı açıqlama verərkən bildirib.

“KCA Deutag” şirkətlər qrupunun Azərbaycanda 79 (yetmiş doqquz) faizi yerli vətəndaşlardan ibarət təxminən 780 nəfər işçisi var. “KCA Deutag” şirkətlər qrupu 1995-ci ildə ilk qazma müqaviləsini imzaladıqdan sonra Azərbaycanda uğurlu fəaliyyətə başlayıb və 20 ildir ki, RDS şirkəti və dənizdəki xidmət bölmələri vasitəsilə qazma quyularının layihələndirilməsi, tikintisinə dəstək, platformalarda xidmətlərin göstərilməsi, quyuların istismara verilməsi və mövcud sənaye zonasında mühəndislik xidmətlərini həyata keçiririr. İstifadə olunan qazma qurğularına mühəndislik xidmətlərinin göstərilməsini isə qrup “KCA Deutag” şirkətlər qrupuna daxil olan RDS şirkəti vasitəsilə həyata keçirir.

SOCAR AQŞ-nin rəhbərliyi qeyd edib ki, birgə müəssisənin yaradılmasına dair müqavilənin imzalanması Azərbaycanın neft-qaz sənayesi tarixində çox əlamətdar hadisə olub. Bu gün əsası qoyulan birgə müəssisə SOCAR AQŞ və "KCA Deutag" şirkətlərinin səriştə və təcrübəsini özündə birləşdirən, bütün qabaqcıl beynəlxalq standartlara tam uyğun olaraq fəaliyyət göstərən Azərbaycan müəssisəsi olacaq. Sifarişçilərinə ən müasir qazma və mühəndislik xidmətlərini təqdim edəcək bu müəssisə yerli və regional qazma sənayesinin inkişafında çox mühüm rol oynayacaq.

SOCAR AQŞ inteqrə olunmuş qazma və quyu xidmətlərini idarə edən şirkət kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Hazırda SOCAR AQŞ dayazsulu Günəşli, Qərbi Abşeron, Ümid və Bulla yataqları da daxil olmaqla, dənizdə 4 qaz yatağında 6 qazma qurğusu ilə birlikdə 5 platformada qazma işləri aparır.

SOCAR AQŞ-nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.