Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsini həyata keçirəcək

18.10.2019

“Nobel Oil Services” şirkətinin törəməsi olan SOCAR AQŞ Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə dair müqavilə imzalayıb.

SOCAR AQŞ bu layihəni Çinin “Camc Engineering” və Türkiyənin “IC İçtaş İnşaat” şirkətləri arasında olan Birgə Müəssisəsi üçün həyata keçirəcək. Müqaviləyə əsasən SOCAR AQŞ Tuzgölü yeraltı qaz anbarında qazma işlərinin ikinci mərhələsi çərçivəsində hər biri 1,550 metr və ümumi dərinliyi 62,000 metr olan 40 quyu qazacaq. 

Layihənin məqsədi Türkiyənin Ankara şəhərindən təqribən 200 km cənubda yerləşən Tuzgölü bölgəsində duz mağarası ərazisindəki anbar sahəsini genişləndirməkdir. Layihənin həyata keçirilməsi Türkiyənin qaz təchizatı təhlükəsizliyini yaxşılaşdıracaq və enerji təchizatında havaya atılan karbon tullantılarının intensivliyini azaldacaq.

“SOCAR AQŞ özünü Azərbaycanda ən mürəkkəb layihələri idarə etməkdə yüksək peşəkarlığa malik qazma şirkəti kimi sübut etmişdir. Sənayedə geniş təcrübəsi və praktiki bilik və bacarıqları şirkətə mühüm beynəlxalq layihələrdə iştirak etməyə imkan verir” – “Nobel Oil Services” şirkətinin Baş İcraçı direktoru Vüqar Səmədli bildirib.

“Azərbaycanın ixracyönümlü siyasətini rəhbər tutaraq SOCAR AQŞ bu əhəmiyyətli layihədə iştirak edəcək və ən müasir texnologiyaları tətbiq etməklə Türkiyənin enerji təhlükəsizliyinə töhfə verəcək” – deyə o, əlavə edib.

“Nobel Oil Services” neft və qaz sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. “Nobel Oil Services Group”a aid olan şirkətlər fəaliyyətlərini uğurla genişləndirərək, qazma, tikinti və layihə idarəetmə xidmətləri, avadanlıqlara texniki xidmət, təchizat və təkmilləşdirilmiş neft bərpa xidmətləri göstərir.

“Nobel Oil Services” şirkəti SOCAR AQŞ-nin əsas səhmdarıdır.